"178 – "parolsuz İnternet"-dən respublikamızın hər yerindən istifadə edin!
Əhalinin daha geniş kütlələri üçün internetdən istifadəni sadələşdirmək istiqamətində mütəmadi aparılan tədbirlərin tərkib hissəsi olaraq "Aztelekom.Net" internet provayderi "Aztelekom" İstehsalat Birliyi şəbəkəsinin abunəçiləri üçün MDB məkanında ilk dəfə olaraq internetə "parol"suz giriş imkanı verən xidmətin tətbiqini uğurla davam etdirir. "Aztelekom.net" İnternet xidmətləri mərkəzinin istifadəçiləri üçün internetdən bir saatlıq istifadə üçün 0,3 manat həcmində olmaqla, dəqiqələrə görə hesablanan xidmət haqqı abunəçinin ünvanına göndərilən ümumi ödəniş qəbzində nəzərə alınır və bu zaman qəbzdə istiqamət üzrə kod əvəzinə "178" – internet servis kodu qeyd olunur.
Tətbiq olunan xidmətin əsas üstünlüyü ilk növbədə istifadəçilər üçün rahat, sadə, etibarlı və ən başlıcası, vaxt itkisinin qarşısını almağa imkan verən internet xidmətinin təşkilidir. Belə ki, "178 – "parol"suz İnternet" xidmətinin istifadəçiləri internetə qoşulmaq üçün müqavilə bağlamaq və ya internet kartlarını əldə etmək məcburiyyətindən azaddırlar ki, bu da öz növbəsində həm vaxta qənaət, həm də telefon xətti olan istənilən yerdən internetə çıxış imkanının olması baxımından əlverişlidir. 178 xidmətinin istifadəçilərinin sayı regionlarda artıq on min nəfərlərlə ölçülür.
Regionlarda uğurlu tətbiqi Bakı şəhərinin sakinləri arasında da maraq oyatdığından "Aztelekom" və Bakı Telefon Rabitəsi İstehsalat Birliklərinin birgə layihəsi olaraq bu xidmətin BTRİB şəbəkəsinin abunəçiləri üçün də aktivləşdirilməsi qərara alınmış və artıq noyabrın 15-dən etibarən Bakı sakinləri də kompüterlərində "şəbəkə bağlantıları" pəncərəsinin "qoşulma nömrəsi" qrafasına "178" yazıb – "qoşul" komandasını verib qlobal internet şəbəkəsinə qoşula bilərlər.
|